Dmitriy Dmitrieviç Mitrofanovun yaşayış binası

Memar Johann Vilhelm Edel

Vodovoznaya küçəsində yerləşən malikanəni, əlbəttə ki, bütün bakılılar tanıyırlar. Görəsən, bu malikanənin necə bir tarixçəsi var? Köhnə Bakıda isə keçmiş Vodovoznaya (indiki Almaz İldırım küçəsi) və Orlov küçələrinin (indiki bəstəkar Səid Əli oğlu Rüstəmov küçəsi) tinində yerləşən bu ev barədə hamı bilirdi. Onun sahibləri məşhur neft sənayeçiləri Dmitriy Dmitriyeviç Mitrofanov və Moisey Mixayloviç Mixaylov idi.

Yeri gəlmişkən, binanın yerləşdiyi döngə – Vodovoznaya küçəsi, bir vaxtlar bütün Bakı şəhəri üçün həyati əhəmiyyət daşıyırdı, çünki buradan - Çəmbərəkəndin qaya qruntunda qazılmış quyularından içməli su çıxarır və onu çəlləklərdə şəhərin hər yerinə daşıyırdılar. Elə küçənin ilk adı - Vodovoznaya da buradan yaranıb.

Çox da varlı olmayan bir Həştərxan ailəsindən çıxmış Dmitriy Dmitriyeviç Mitrofanov «neft bumu» dalğasında Bakıya köçüb. 1897-ci ildə o, ortaqları Moisey Mixayloviç Mixaylov və Vasiliy Fyodoroviç Qubinlə birlikdə «Motovilixa» adlı kiçik neft hasilatı şirkətini yaratdı. Şirkətin yalnız 5 quyusu və, təxminən, 10 işçisi olmasına baxmayaraq, iş əsaslı şəkildə quruldu və müəssisənin işləri sürətlə zirvəyə doğru getdi: artıq 1909-cu ildə «Motovilixa» 880 min pud neft hasil edirdi.

1906 – cı ildə Dmitriy Dmitriyeviç Mitrofanovun adı ilə adlandırılan daha bir böyük şirkət neft hasilatına başladı.

Mitrofanovun malilkanəsi dörd il ərzində tikilib: 1898-dən 1902-ci ilə qədər. O vaxtlar üçün bu, kifayət qədər sanballı müddət idi. O dövrün bir çox möhtəşəm evləri kimi, o da bütöv bir məhəllə boyu uzanaraq, gümbəzin iti ucu ilə səmaya doğru istiqamətlənirdi.

Layihənin müəllifi alman əsilli görkəmli Bakı memarı İohann Vilhelm Edel (1863 - 14.02.1932) idi.

Bakının qədim evlərinin əksəriyyəti üçün memarlığın eklektikliyi, müxtəlif memarlıq üslublarının və istiqamətlərinin orijinal qarışığı səciyyəvidir, amma Mitrofanov malikanəsi fransız neorenessansının vurğulandığı klassik üslub, mürəkkəb birinci mərtəbədən başlayıb sadə yuxarı mərtəbəyə qədər dəqiq təsviri fərqləndirir. Bucağın orijinal həlli olaraq onu əzəmətli yivlənmiş günbəz bəzəyir.