Layihə haqqında

Almanların tarixi – Azərbaycan tarixinin bir hissəsidir

Tarixi mənbələrdən məlumdur ki, alman köçkünlərinin birinci qrupu Rusiya imperiyasına hələ XVIII əsrin əvvəllərində imperator I Pyotrun təşəbbüsü ilə gəlmişdir. XIX əsrin əvvəllərində, həyat yoldaşı alman olan imperator I Aleksandrın dövründə almanların fəal surətdə əvvəllər zorla Rusiya imperiyasına birləşdirilmiş Cənubi Qafqaza köçürülməsinə başlanmışdır.

Həmin illərdə alman torpaqlarında, eynilə bütün Avropada olduğu kimi, Napoleon müharibələrinin ağır izləri qalmaqda idi. Müharibədən daha çox ziyan çəkmiş əyalətlərdən biri Vyurtemberq krallığı idi. Həmin vilayətin sakinləri üçün Cənubi Qafqazın münbit torpaqları xüsusilə cəlbedici idi. Buna görə də 1817-ci ilin payızında alman köçkünlərinin ilk qrupu Qafqaza gəldi və Marienfeld koloniyasının əsasını qoydu.
1819-cu ilin yazında Marienfelddə məskunlaşmış alman koloniyaçılarının bir qrupu Rusiya imperiyasının Qafqazdakı canişini general Aleksey Petroviç Yermolova müraciət edib Gəncə yaxınlığındakı məhsuldar torpaqlara köçmək üçün icazə istədilər və razılıq aldılar. Almanlar Azərbaycan torpağına qədəm basdıqları ilk gündən yerli əhali tərəfindən hərtərəfli köməyi hiss edirdilər.

1819-cu ilin avqustunda köçkünlərin kiçik bir hissəsi Gəncəçay sahilindəki dağıdılmış Xanlıqlar kəndinin yerində Yelenendorf (hal-hazırda Göygöl şəhəri) koloniyasının əsasını qoydular. Bir müddət sonra indiki Şəmkir rayonunun ərazisində Annenfeld (hal-hazırda Şəmkir şəhəri) koloniyasının əsası qoyuldu. XIX əsrin 1880-ci illərində indiki Şəmkir rayonunun ərazisində Georgsfeld (hal-hazırda Çinarlı qəsəbəsi), indiki Ağstafa rayonunun ərazisində Alekseyevka, Yelizavetinka kəndləri, Qazax rayonunun ərazisində Qrinfeld (hal-hazırda Vurğun qəsəbəsi) yaşayış məntəqəsi, Eygenfeld (hal-hazırda İrmaşlı qəsəbəsi), Tovuz rayonunun ərazisində Traubenfeld (hal-hazırda Tovuz şəhəri) yarandı.

Əldə olan tarixi materiallar, həmin dövrdə dərc olunmuş yazılar, yaşlı insanların və onların törəmələrinin nəsildən-nəslə keçən xatirələri birmənalı olaraq məlumat verir ki, bu ərazilərə gəlmiş almanlar uzun illər ərzində azərbaycanlı əhalinin xeyirxah münasibətini hiss etmişlər, onlar da öz növbələrində yerli əhalinin həyatına faydalı təsir göstərmişlər. Aralarında həkimlər, müəllimlər, mühəndislər və digər peşələrin nümayəndələri olan almanlar kənd təsərrüfatının, eyni zamanda da elmin, təhsilin və səhiyyənin inkişafına sanballı töhfələr bəxş etmişlər. Alman köçkünlərinin qeyri-rəsmi mərkəzi, Cənubi Qafqazda ən böyük alman koloniyası olan Yelenendorf şəhəri tədricən bölgənin iqtisadi mərkəzinə çevrilməyə başladı.

Almanlar bölgənin həm iqtisadi inkişafına, həm də sosial infrastrukturunun yaranmasına əhəmiyyətli töhfələr bəxş etdilər. Onlar üzümçülüyə və taxılçılığa – şərab və pivə istehsalı ilə əlaqədar olan sahələrə, eyni zamanda ipəkçiliyə, tütünçülüyə və düyü becərilməsinə kifayət qədər ciddi münasibət bəslədilər.

Elektrotexnika sahəsində böyük nüfuza sahib olan “Simens” konserni 1864-1865-ci illərdə Azərbaycanda Gədəbəy misəritmə zavodu tikdi, 1883-cü ildə isə ikinci belə bir zavod və dəmiryolu inşa etdi. XIX əsrin 60-cı illərdə konsern Daşkəsəndə kobalt çıxarırdı, XX əsrin əvvəllərində Bakıda Bibiheybət bə Ağşəhər elektrik stansiyalarını inşa etdi.

“Benkendorf və Ko” ticarət evi Bakı rayonunun neft sənayesi ilə maraqlanmağa başladı. Koloniyaçılar eyni zamanda taxıl, meyvə və süd məhsulları istehsal etməyə başladılar.

Almanlar tərəfindən Yelenendorfda inşa edilmiş su kəməri uzun müddət ərzində ətraf bölgədə yaşayan əhaliyə xidmət etdi. Onlar da 1912-ci ildə Azərbaycanda ilk dəfə Yelenendorfda, Gəncəçay üzərində hidro-elektrik stansiyası tikdilər. Bundan başqa, XX əsrin əvvəllərində burada ölkədə ilk dəfə olaraq telefon rabitəsiondən istifadə edildi: Forer qardaşları firması “Eriksson” telefonları vasitəsi ilə Yelenendorf ətrafındakı üzüm plantasiyalarının işçiləri ilə əlaqə yaratdı.

Azərbaycanın ən iri alman koloniyası olan Yelenendorf şəhəri bu diyarın alman icması üçün mədəni-dini mərkəzi rolunu oynayırdı. Hələ 1842-ci ildə burada ilk məktəb inşa edilmişdi, 1854-cü ildə isə Müqəddəs İohann kilsəsinin tikintisinə başlandı ki, həmin kilsə də 1857-ci ildən fəaliyyət göstərməyə başladı.

Almanlar bölgənin iqtisadi və sosial həyatının, Azərbaycanda elmin və mədəniyyətin inkişafına öz töhfələrini verdilər. Alman həvəskar arxeoloqları XIX əsrdə ölkədə arxeoloji tədqiqatların və arxeologiya elminin əsasını qoydular. Ölkəmizdə arxeologiya elminin əsasını qoyanlardan biri olan Yakob Hummel (1893-1946) Azərbaycanın arxeologiya və etnoqrafiyasına ömrünün bir çox illərini səf etdi.
Rusiya Elmlər Akademiyasının akademiki, Qafqazın geoloji cəhətdən öyrənilməsinin əsasını qoyanlardan biri kimi tanınan Otto Vilhelm German fon Abixin də xidmətləri az deyildir. Digər bir məşhur alim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Karl Eduard fon Eyxvald Abşeron yarımadasında neft quyularını tədqiq etdi. Fizik və elektrotexnikanın əsasını qoyanlardan biri Henrix Fridrix Emil Lents 1830-cu illərdə Azərbaycanda Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsinin səbəblərini öyrənirdi.

Alman memarları XIX əsrin axırları – XX əsrin əvvəllərində kapitalist Bakısının memarlıq incilərinin yaradılmasına da öz töhfələrini verdilər. Avropa üslubunda işləyən istedadlı memarlar öz əsərlərində yerli memarlığın xüsusiyyətlərini əks etdirməyə, binaların həcmi-məkan kompozisiyalarında hər şeydən çox onların bədii mahiyyətini ifadə edən cəhətləri çatdırmağa çalışırdılar. Həmin dövrdə Bakıda memarlar İohann Edel, Adolf Eyxler, Hikolay fon der Nonne, Karl və Otto Gippius qardaşları, Qut Fortunat, Ferdinand Lemkul, Robert Marfeld, Leopold Bilfeld, Paul Ştern, Ditrix Tissen, Vladimir Simenson, Frants Qrosseti, Adolf fon Stoyan və başqaları çalışırdıar. Onların əsərlərində yerli üslub xüsusiyyətlərini saxlamaqla yanaşı, Avropada tarixən mövcud olan üslublar da inkişaf etdirilirdi.

XIX əsin ikinci yarısı – XX əsrin əvvəllərinin tikililəri və onların şəhərin inkişafında meydana gəlmələri özlərinin bütün eklektik cəhətləri ilə yanaşı Azərbaycan memarlığının və Bakı, Gəncə, Lənkəran, Naxçıvan kimi şəhərlərin inkişafında yeni mərhələni ifadə edirlər. Başqa memarlarla yanaşı alman memarların yaradıcılığı sayəsində həmin dövrdə dünya memarlığında hökmranlıq edən modern üslub, eyni zamanda da digər üslub istiqamətləri Azərbaycana da gəldi, şəhərlərin, ilk növbədə də Bakı şəhərinin memarlıq cəhətdən formalaşmasına öz töhfələrini verdilər. Bakı modern tikililəri özlərinin XX əsrin əvvəllərində iri kapitalist şəhərinin inkişafının sürətində və ritmində ifadə olunacaq memari həcmləri, kompozisiya və konstruktiv priyomların xüsusi ekspressiyası ilə fərqlənmirlər. Modernin memari və dekorativ vasitələrinə baxmayaraq, Bakı tikililərində renessansın klassik kompozisiyalarının ahəngdar mükəmməlliyi üstünlük təşkil edir. Məşhur memarlar memarlıqda yeni üslubun xüsusiyyətlərini qeyd edərək, heç də mövcud kompozisiya priyomlarından imtina etmirdilər, əksinə, həmin imkanlardan binanın memari cəhətdən həllində yerli şəraiti nəzərə almaqla istifadə etməyə çalışırdılar.

Alman memarların layihəsi üzrə təkcə Bakı şəhərində yüzdən artıq bina və tikili – yaşayış binaları, ticarət evləri, sənaye müəssisələri, körpülər, kilsələr, məscidlər və s. - inşa edilmişdir. Şəhərdə alman memarların işlərindəki fərqləndirici cəhətlər yerli materialın, əhəng daşının bütün konstruktiv və bədii xüsusiyyətlərindən istifadə olunmasıdır. Tikililərin memari obrazlarının monumentallığı və mükəmməlliyi, həm də digər üslub sistemləri üzrə inşa edilmiş digər binalarla vahidliyi üzlük və bəzək materiallarının – daşın, klassik Avropa memarlığının element və detallarının ümumiliyi sayəsində baş vermişdir. Məşhur memarlar öz gözəl layihələri - memarlıq abidələri ilə Bakı şəhərinin unikal memarlıq simasının formalaşmasına böyük töhfələr veriblər.

XIX əsrin axırları – XX əsrin əvvəllərində alman memarların modern üslubunda Bakıda inşa etdikləri tikililərin müsbət xüsusiyyətləri şübhəsizdir, çünki məhz bu üslub memarları tikililərin memarlıq-konstruktiv quruluşuna yeni nəzərlə və dərindən nəzər salmağa, kompozisiya priyomlarının məntiqini memarlığın yeni tələbləri işığında dərk etməyə yardım göstərmiş, 20-ci illərin əvvəllərində funksionalizimin yaranmasına gətirib çıxaran rasionalist ənənələrin inkişafına səbəb olmuşdur.

1914-cü ilə Rusiya imperiyası və Almaniyanın cəbhə xəttinin əks tərəflərində olduqları Birinci Dünya müharibəsinin başlanması ilə çar hökuməti alman millətinə mənsub olan təbəələrinə torpaq üzərində mülkiyyət hüququ verən qanunun ləğv edilməsi haqqında fərman verdi. Almanlar təqib olunmağa başladılar, amma çarizmin süqutundan və 1917-ci ildə Rusiya imperiyasının dağılması ilə əlaqədar olaraq həmin proses dayandırıldı.

1918-ci il mayın 18-də müstəqil Azərbaycan Demokratik Respublikası elan olundu. Gənc dövlətin vətəndaşlıq hüquqları sahəsində siyasəti alman əhalinin normal yaşamaları üçün bütün lazımi şəraiti yaratdı.

Azərbaycan Milli Şurası 1918-ci il noyabrın 19-da “Azərbaycan parlamentinin yaradılması haqqında qanun” qəbul etdi, həmin qanuna əsasən də milli azlıqlar parlamentdə saylarına görə proporsional olaraq təmsil edilmək hüququ qazandılar. Parlamentdəki 120 deputat yerindən biri alman əhalinin nümayəndəsi üçün ayrıldı. Yelenendorfun alman icmasının başçısı Lorents Kun Azərbaycan Demokratik respublikasının ali qanunvericilik orqanının tərkibinə seçildi. 1919-cu ildə onun təşəbbüsü və hökumətin yardımı ilə ilk alman köçkünlərin ölkəmizə gəlmələrinin 100 illiyi təntənəli şəkildə qeyd edildi. Lorents Kun bu münasibətlə parlamentdə söylədiyi çıxışında qeyd etdi ki, bütün bu müddət ərzində almanlar Azərbaycan torpağında azərbaycanlılarla sülh və həmrəylik şəraitində yaşamışlar.

Azərbaycan hökumətinin alman koloniyasına münasibətlə bağlı siyasətini almanlar böyük ruh yüksəkliyi ilə qarşıladılar, nəticədə həmin vaxtacan Azərbaycanı tərk edənlər doğma evlərinə geri qayıtmağa başladılar. Bununla yanaşı almanlar ilk Azərbaycan Demokratik Respublikasını fəal şəkildə müdafiə edirdilər. Belə ki, alman koloniyalarının mümayəndələri gənc respublikanı düşmənlərdən qorumaq üçün kifayət qədər iri tabor da təşkil etdilər. Həmin tabor Gəncə şəhərinin erməni daşnaklarından azad olunmasında fəal iştirak etdilər. Alman əhali qanun-qayda yaradılmasında dövlət orqanlarına yardım göstərirdilər. Ancaq xalqın, o cümlədən də alman əhalinin gündəlik həyatı 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğalı və zorla Sovet hakimiyyəti qurulması ilə tamam dəyişdi.

1930-cu illərdə, SSRİ və Hitler Almaniyası arasında münasibətlər pisləşəndə vəziyyət daha da gərginləşdi. Kütləvi siyasi repressiyalar Azərbaycanın alman koloniyalarını əhalisindən də yan ötmədi. Yelenendorfda və digər alman yaşayış məntəqələrində çoxsaylı həbslər baş verdi. Yaşayış məntəqələrinin, küçələrin və meydanların adı dəyişdirildi. 1938-ci ildə Yelenendorfun adını dəyişib İosif Stalinin silahdaşlarından biri olan bolşevik Xanlar Səfərəliyevin şərəfinə Xanlar (hal-hazırda Göygöldür) adlandırdılar. 1941-ci ildə sovet-alman müharibəsinin başlanması ilə Stalinin əmrinə əsasən Qafqazın alman əhalisi Orta Asiyaya köçürüldü. Ən azı 25 min nəfər alman məcburən Qazağıstan çöllərinə və səhralarına köçürüldülər.

Alman köçkünlərinin tarixi – Azərbaycan tarixinin bir hissəsidir. Almanların Azərbaycan torpağını tərk etmələrindən 80 ildən artıq müddət ötmüşdür. Amma almanlar öz zəhmətsevərlikləri, namuslu və sülhsevər olmaları ilə özləri barədə gözəl xatirələr qoymuşlar.

Azərbaycan xalqı həmişə öz tolerantlığı ilə tanınmışdır. Biz hər hansı bir xalqın tarixinə və mədəniyyətinə hörmətlə yanaşırıq. Buna görə də bu gün Azərbaycan hakimiyyəti tərəfindən alman dövrünün tarixi-mədəni abidələrinin, ö cümlədən alman memarları layihəsi üzrə inşa edilmiş çoxsaylı tikililərin mühafizəsinə və tədqiqinə böyük səy göstərilir.

Bu gün bütün alman tarixi və mədəni abidələrin qayğı ilə qorunub saxlandığı Göygöl şəhətini Azərbaycan-alman dostluğu şəhəri adlandırmaq olar. 2008-ci ildə şəhərdə əlamətdar hadisə baş verdi - əsaslı təmirdən və yenidənqurmadan sonra alman kirxası yenidən açıldı. Göygöldə alman kirxasının təmiri və bərpası üçün vəsaiti alman hökuməti ayırdı.

2017-ci ildə YUNESKO almanların Azərbaycanda məskunlaşmasının 200 illiyini qeyd edib. Həmin il Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən müəllifi tanınmış alim və memarlıq tarixçisi, professor Elçin Tofiq oğlu Əliyev olan “Azərbaycan memarlığında alman irsi” kitabı nəşr edilmişdir.

Bu günümüzdə dövlətləarası münasibətlərdə mədəni əlaqələrin rolu çox böyükdür. Bu cəhətdə Azərbaycan-Almaniya əməkdaşlığı, demək olar, iki yüz illik tarixi olan çox möhkəm özül üzərində bərqərar olmuşdur.