28 May küçəsində yaşayış binası

Memar Johann Vilhelm Edel

Birinci mərtəbədə dükanları olan üç mərtəbəli mədaxil evi, 1896-1899-cu illərdə alman memarı İoann Vilhelm Edelin (1863 - 14.02.1932) layihəsinə əsasən inşa edilmişdir.

Bakının ən gözəl binalarından biri olan yaşayış binası, şəhərin iki mərkəzi magistralının kəsişməsində yerləşərək və, eyni zamanda, üç küçəyə çıxaraq məsul şəhərsalma mövqeyi tutur: Kamenistaya küçəsi (hazırda Bəşir Səfəroğlu küçəsi), Kaspiyskaya küçəsi (hazırda Rəşid Beybudov küçəsi) və Telefonnaya küçəsi (hazırda 28 May küçəsi). Bina sahəsi, demək olar ki, bütün kvartal ərazisinə bərabərdir.

Öz memarlıq və planlaşdırma xüsusiyyətlərinə görə, bu memarlıq abidəsi şəhərin Fransız İntibahı üslubunda olan monumental binalarına aiddir. Həcmən vurğulanmış qübbəli künclər, çox irəli çıxan Korinf sütunları ilə order sisteminin iri bölmələrində inşa edilmiş fasadlar, ox xəttlərinin şaquli ritmi və siluetlilik yaşayış binasının memarlıq kompozisiyasının xarakterini təşkil etmişdir.

Bina, fasadların zəngin plastikliyi, pilləkən qəfəslərində bədii rəsmlər, mədaxil evinin interyerlərindəki dekorun Şərq və Avropa motivlərində nəfis peşəkar həlli ilə diqqət çəkir.

Memar İoann Edel, öz inşaat işlərində binanın mürəkkəb kompozisiyasından savayı, çoxsaylı memarlıq detallarına xüsusi diqqət yetirərək, Bakının simasına özünəməxsus və zəngin bir sənət palitrasını töhfə etmişdir. Onun layihələşdirdiyi binaların fasadlarının səthində, işıq və kölgə atmosferi hesabına həcmli plastika yaranır.

Müəllif, Kaspiyski (hazırda Rəşid Beibudov küçəsi) və Telefonnaya (indiki 28 May küçəsi) küçələrinin kəsişməsindəki yaşayış binasının ağırçəkili və monumental həcmində memarlıq texnikaları, formaları, elementləri və detallarının tam modulyasiyasını gözəl daş üslubunda ifadə edərək, XIX əsrin sonu - XX əsrin əvvəllərində özünəməxsus stilistik eklektizmə yaxınlaşmışdır.