Şəmsi Əsədullayevin yaşayış binası

Memar Johann Vilhelm Edel

Şəmsi Əsədullayevin dəbdəbəli malikanəsi (1840-21.04.1913) Bakının mərkəzində - yaşıl və kölgəli bir rayonda, Qoqol, Tolstoy (keçmiş Qimnaziçeskaya küçəsi) və Həzi Aslanov (keçmiş Karantinnaya küçəsi) küçələrinin kəsişməsində yerləşir. "Neft və kerosin kralı"nın - Bakı milyonçusu Şəmsi Əsədullayevi belə adlandırırdılar - monumental sarayı 1896 - cı ildə alman memar İohann Vilhelm Edelin (1863-14.02.1932) layihəsi əsasında inşa edilib. Binanın monumental fasadları isə şəhərin üç qədim küçəsinə yönəlib.

Təmtəraqlı mənzillər, əsas giriş otaqlarının naxışlarla bəzədilmiş interyerlərinin zənginliyi, klassik formada tikiliş, həcmli plastika, mərtəbələrin rənglənməsi fonunda pəncərə oyuqlarının ritmi və iri daş kronşteynləri olan eyvanların bolluğu bu binanın əhəmiyyətini müəyyən edir.

Şəmsi Əsədullayev, həmçinin, Bakıda çoxlu sayda evləri olan böyük sahibkar idi. Qoqol küçəsində yerləşən saray onun əsas mülkü idi – burada yaşayır və işləyirdi, eləcə də, onun əsas idarəsi burada idi. Neft sənayeçisinin indiki Rəşid Behbudov, Dilarə Əliyeva küçələrində evləri, Mərdəkan və Şüvəlanda isə möhtəşəm bağ evləri var idi. Bunlardan əlavə, o, Əmircan kəndindəki gözəl məscidi də öz vəsaiti hesabına tikdirmişdi – bu məscid daha sonralar, Sovetlərin vaxtında vəhşicəsinə söküldü. Ş. Əsədullayevin Rusiyada da çoxlu sayda daşınmaz əmlakı var idi.

Maraqlıdır ki, hər yeni binanı tikdirməyə başladığı zaman Şəmsi Əsədullayev özünəməxsus maraqlı adəti icra edirdi. Təməl qoyulmamışdan öncə, o, bütün ailə üzvlərini dəyirmi masanın ətrafına yığırdı. Masanın mərkəzində, üzərində çarın təsviri olan 10 rubl dəyərində qızıl sikkələrlə və ya 25 rubl dəyərində imperiallarla dolu böyük bir küp qoyulurdu. Ailə üzvlərindən hər biri əlini küpə salır və ordan ovucunun içinə yerləşdiyi qədər sikkə götürürdü. Sonra isə bu sikkələri növbə ilə, ta ki, ailə başçısına da növbə çatana qədər, yeni evin bünövrəsinə atmaq lazım idi.

Evin əsas girişində, kandarda, birbaşa tərcümədə “salam” mənasını verən latınca "Salve" kəlməsi mərmərdən döşənib, sonradan başqa bir mənada - “qoruyucu amulet” kimi qəbul edilməyə başlayan bu söz öz növbəsində bütün ev sakinlərinin rifah, xoşbəxtlik, sərvət və sağlamlığının keşiyində durmalı idi.

Maraqlıdır, bu binanın bünövrəsində nə qədər sikkə basdırıldığını, yəqin ki, biz heç vaxt bilməyəcəyik. Cavab isə çox sadədir: Bakının tarixi mərkəzinin şəhərsalma sistemində mühüm yer tutan bu bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.